Azərbaycanın iki güləşçisi Hərbçilərin Dünya Oyunlarının finalına yüksəlib
Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunları davam edir.

Oktyabrın 24-də iki yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Həsən Əliyev (77 kq) 1/8 finalda ermənistanlı Varujan Qriqoryana gücünü göstərib. Həmyerlimiz 1/4 finalda ukraynalı Dmitri Pişkova aman verməyib. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serb Viktor Nemeşə qalib gələrək finala yüksəlib. H.Əliyev finalda iranlı Peyman Poştamla qarşılaşacaq.

Rafiq Hüseynov (87 kq) isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı məğlub edib. Pəhləvanımız 1/4 finalda koreyalı Sanqyeok Parkı üstələyib. Təmsilçimiz yarımfinalda 4 il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevlə qarşılaşıb. Rusiyalı rəqibinə ilk hissədə “tuşe” ilə qalib gələn R.Hüseynov adını finala yazdırıb. Güləşçimiz finalda macar Viktor Lorintslə üz-üzə gələcək.

Xəbər 721 dəfə oxundu.