Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında iştirak edəcək
Oktyabrın 23-26-da Polşanın paytaxtı Varşavada Avropa Olimpiya Komitəsinin (AOK) 48-ci Baş Assambleyası keçiriləcək. İclasda AOK-un İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının nümayəndələri iştirak edəcəklər.

MOK-dan bildiriblər ki, Assambleya çərçivəsində oktyabrın 24-də Ç.Hüseynzadənin iştirakı ilə AOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi adı çəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər.

Oktyabrın 25-də AOK-un Baş Assambleyası öz işinə başlayacaq. Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, Atletlər, Olimpiya Mədəniyyəti və irsi, Olimpiya Akademiyası və digər komissiyalarının iclası təşkil olunacaq. Həmçinin “Tokio 2020” və “Paris 2024” Yay Olimpiya Oyunları, “Pekin 2022” Qış Olimpiya Oyunları, 2023-cü ildə Polşada keçiriləcək üçüncü Avropa Oyunları ilə bağlı məruzə çıxışları gündəlikdə olan məsələlər sırasındadır.

Baş Assambleya çərçivəsində “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının hesabatı Gənclər və İdman naziri Azad Rəhimov və yarışın nümayəndəsi Nikki Əfəndi tərəfindən təqdim olunacaq. Əlavə olaraq, 2025-ci il üçün Avropa Gənclər Olimpiya Festivalının yay və qış oyunları üçün namizəd ölkələrin adları açıqlanacaq.

Xəbər 1132 dəfə oxundu.