Avropa birinciliyində uğurla çıxış edən taekvondoçularımızla görüş olub
Oktyabrın 21-də Azərbaycan Taekvondo Federasiyasında (ATF) Avropa birinciliyində iştirak edən gənclərdən və yeniyetmələrdən ibarət millimizin üzvləri ilə görüş keçirilib. İspaniyanın Marina Dor şəhərində təşkil olunmuş qitə birinciliyində iştirak edən taekvondoçularımız Vətənə altı medalla qayıdıblar.

Milli komandamızın məşqçilər heyətini təbrik edən ATF-in vitse-prezidentləri Nağı Səfərov idmançılarımızın çıxışından razı qaldığını, onların birincilikdə yüksək nəticə qazanaraq ölkəmizin bayrağını ucaltdıqlarını və taekvondo ailəsini sevindirdiklərini qeyd edib.

Deyib ki, məhz bölgələrimizdən olan idmançılarımızın da nəticə göstərməsi sevindirici haldır. Bu isə taekvondonun nəinki Bakıda, hətta respublikanın digər rayon və şəhərlərində inkişaf etməsinin bariz nümunəsidir. Gənc və yeniyetmə taekvondoçularımız yarışda uğur qazanıblar və ümidvarıq ki, gələcəkdə də nailiyyətləri ilə idman ictimaiyyətini sevindirəcəklər.

Federasiyasının baş katibi Həmdiyyə Məmmədov, vitse-prezidenti Niyaməddin Paşayev və nəzarət-təftiş komissiyasının sədri Vüqar Məmmədov komandamızın üzvlərini təbrik edərək uğurlarının davamlı olmasını arzulayıblar.

Gənclərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, yeniyetmələrdən ibarət yığmanın böyük məşqçisi Sənan Həşimov, eləcə də məşqçi-müəllimlərdən Rəşad Məmmədov və Vüqar Kərimov yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ATF-in prezidenti Kəmaləddin Heydərova və bu nailiyyətlərdə zəhməti olan digər şəxslərə minnətdarlıqlarını bildirərək gələcəkdə daha da yaxşı nəticələr uğrunda çalışacaqlarını bildiriblər.

Sonda idmançılara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, oktyabrın 1-6-da keçirilmiş Avropa birinciliyində yeniyetmə taekvondoçularımızdan Zemfira Həsənzadə (29 kq), Pünhan Mürsəlov (41 kq) gümüş, Şamil Mirzəyev (33 kq) bürünc, gənclərdən isə Səyyad Dadaşov (51 kq), Cavad Ağayev (68 kq) və Taleh Süleymanov (78 kq) bürünc medala sahib olublar.

Xəbər 1014 dəfə oxundu.