İdmançılarımız Kiyevdə keçirilmiş kombat ciu-citsu idmanı üzrə dünya çempionatında uğurla çıxış ediblər
Kiyevdə kombat ciu-citsu idmanı üzrə gənclər və yaşlılar arasında dünya çempionatı keçirilib.

20 ölkədən 345 idmançı iştirak etdiyi çempionatda yarışlar üç kateqoriyada keçirilib: güləş, tamkontaktlı döyüş və özünümüdafiə.

Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rəsul Məmmədovun rəhbərliyi ilə ölkəmizin yığması bu tədbirdə 5 nəfərlik heyətlə iştirak edib.

“Güləş” kateqoriyasında 16-17 yaşlı idmançılar arasında yarışlarda Fidan Yusifova (60 kq) və Yasər Əhədli (60 kq) qızıl medallar qazanıblar. Tamkontaktlı döyüş yarışlarında da çıxış edən Yasər Əhədli bu dəfə gümüş medal qazanıb. Eyni kateqoriyada çıxış edən Zaur Məmmədov isə bürünc medalla kifayətlənməli olub.

Yaşlı idmançıların yarışlarında “Güləş” və “Özünümüdafiə” kateqoriyalarında çıxış edən Vüqar Cəfərov (77 kq) hər iki kateqoriyada bürünc medallara layiq görülüb.

92 kq çəki dərəcəsində “Güləş” kateqoriyasında çıxış edən Ramin Kazımov da bürünc medal qazanıb.

Beləliklə, 7 medal qazanmış Azərbaycan yığması ümumi komanda hesabında üçüncü yeri tutub və dünya çempionatının komanda kuboku ilə təltif edilib.

Xəbər 673 dəfə oxundu.