Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunun açılış mərasimi olub
Oktyabrın 19-da Qazax Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunun açılış mərasimi olub.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, rayonun Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse-prezidenti Nuranə Şıxəliyeva, alpaqut Turan döyüş sənətinin müəllifi, kutsan Vasif Namazov çıxış edərək ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, idmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması, respublikamızın hər yerində bu sahənin inkişafı üçün yaradılan şərait böyük nailiyyətlərin qazanılması üçün geniş imkanlar yaradıb. Natiqlər alpaqut idman növünün inkişaf edərək daha geniş yayılması üçün görülən işlərdən danışıblar. Son illər ərzində bu idman növü üzrə nailiyyətlərin əldə edildiyi vurğulanıb.

Rəsmi hissənin sonunda incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib.

Turnirdə ölkənin 30-dan artıq komandasını təmsil edən bütün yaş qrupları üzrə 300-dən çox idmançı mübarizə aparır.
Alpaqutçular turnirdə aypara, batur, caymaz və qurşaq növlərində yarışırlar. Turnirdə fərqlənən idmançılar diplom, medallar və kubokla mükafatlandırılacaqlar.


Xəbər 711 dəfə oxundu.