Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
Oktyabrın 17-də Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyası işə başlayıb.

İclasda Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibinin müavini Azər Əliyev və marketinq idarəsinin rəisi Mehman Kərimov təmsil edirlər.

Assambleya çərçivəsində MOKA-nın audit və maliyyə, marketinq, atletlər, beynəlxalq əlaqələr və tibbi komissiyalarının iclasları keçirilib, məruzələr dinlənilib. Həmçinin gənclər komissiyasının və icraiyyə şurasının, sonda isə Olimpiya həmrəyliyi komissiyasının iclasları keçiriləcək.

Xatırladaq ki, Doha oktyabrın 12-16-da birinci Dünya Çimərlik Oyunlarına ev sahibli edib. Bu Oyunlarda 7 idmançı ilə təmsil olunan Azərbaycan 4 gümüş və 1 bürünc medal qazanıb. Çimərlik güləşi yarışlarında Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) gümüş medala sahib olublar. Akuatlon yarışlarında isə Kseniya Levkovskaya ikinci, Rostislav Pevtsov isə üçüncü yeri tutublar. Millimiz qarışıq komanda yarışlarında da ikinci pillədə qərarlaşıb.

Xəbər 1176 dəfə oxundu.