16-dan 14-ü məlumdur
Sentyabr ayının 22-də başlayacaq və 21 gün davam edəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də 16 ölkənin millisi qalibiyyət üçün yarışacaq. İdman.com.az saytının məlumatına görə, Azərbaycan dünyanın 15 müxtəlif ölkəsindən milli yığma komandaları və azarkeşləri qəbul edəcək. Artıq çempionat həyacanını yaşayacaq 16 komandanın 14-ü məlumdur.

Öncəliklə qeyd edək ki, ölkəmiz bu çempionatda iştirak etməyə ev sahibi statusu almaqla avtomatik olaraq haqq qazanıb. Dünyanın bütün mədəniyyətlərinin bir araya gələcəyi çempionatda Asiyanı Şimali Koreya, Yaponiya və Çin təmsil edəcəkdir. Bu üç ölkənin çempionatda iştirakı ötən ilin noyabr ayından artıq bizə məlum idi. Afrika qitəsinin Qambiya, Nigeriya və Qana milli yığma komandaları ilə təmsil olunacağı çempionatda azarkeşlik mədəniyyəti, futbol coşğusu ilə tanınan Cənubi Amerikanı Braziliya, Kolumbiya və Uruqvay milli yığmaları simvolizə edəcək.

Yeni Zelandiya milli yığmasına gəldikdə isə, onlar çempionatda iştirak haqqına sahib olmaq üçün OFC seçimləri sırasında digər iştirakçı 3 ölkə arasından fərqlənməyi bacarıb və sentyabr ayında Bakı və Lənkəranda keçiriləcək oyunlarda iştirak üçün ölkəmizə təşrif buyuracaqdır.

Yuxarıda göstərilən ölkələrə əlavə olaraq 2-13 may tarixlərində Quatemalada baş tutan CONCACAF seçimlərində çempionatda iştirak edəcək 3 ölkə daha məlum olub. Belə ki, 10 may tarixində Amerika Birləşmiş Ştatları və Kanada, 12 may tarixində isə Meksika milli yığması digər komandalar arasından sıyrılaraq Azərbaycana bilet əldə edənlər sırasına qoşulublar.

UEFA-da birinci və ikinci təsnifat mərhələlərinin oyunları artıq tamamlanıb. 26-29 iyun tarixləri arasında İsveçrənin Nyon şəhərində baş tutacaq final mərhələnin oyunlarında 2 komanda daha çempionatda iştirak üçün Azərbaycana gəlməyə haqq qazanacaqdır.

Çoxmədəniyyətli mühit, sevinc, həyəcan, məyusluq, coşqu və sairə hisslərin eyni anda yaşanacağı böyük futbol turnirinə artıq 122 gün qalıb. Zərifliyin zəiflik üzərində qələbəsinə şahidlik etmək istəyən hər kəsi stadionda bu həyəcanı yaşamağa dəvət edirik.

Xəbər 1097 dəfə oxundu.