Cüdoçularımız dünya çempionatının ilk günündə iki medal qazanıblar
Azərbaycan cüdoçuları Mərakeşdə keçirilən gənclər arasında dünya çempionatının ilk günündə iki medal qazanıblar.

Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Əhməd Yusifov uğurla çıxış edərək finala vəsiqə qazanıb. Finalda rusiyalı Konstantin Simeonidis ilə qarşılaşan cüdoçumuz rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Digər cüdoçumuz İbrahim Əliyev (66 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparıb. Üçüncü yer uğrunda görüşdə rumıniyalı Lusian Bors Dumitresku ilə üz-üzə gələn İ.Əliyev rəqibinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Dünya çempionatında Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir. Yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.

Dünya çempionatı oktyabrın 19-dək davam edəcək.

Xəbər 712 dəfə oxundu.