Velosipedçimiz Elçin Əsədov “Tour of Peninsular” turunda liderliyini davam etdirir
Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Peninsular” yarışı davam edir. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən veloturda ikinci mərhələ geridə qalıb.

İlk yarış günündə finiş xəttini birinci keçən yığma komandamızın üzvü Elçin Əsədov 157 kilometrlik ikinci mərhələni 3 saat, 30 dəqiqə, 43 saniyə göstərici ilə lider qrupda tamamlayıb. Bu isə velosipedçimizə ən yaxın izləyicisini 4 saniyə qabaqlamaqla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan “sarı köynəyi” özündə saxlamağa imkan verib. İkinci mərhələni ümumi qrupla başa vuran yığma komandamızın digər üzvü Samir Cəbrayılov isə E.Əsədovdan 32 saniyə geri qalmaqla təsnifatda 12-cidir.

Oktyabrın 17-də keçiriləcək üçüncü mərhələdə iştirakçılar 173 kilometr məsafə qət edəcəklər.

Xatırladaq ki, yığma komandamız Malayziyada baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyətlə təmsil olunur.

Xəbər 1001 dəfə oxundu.