Sərbəst güləş üzrə millimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir
Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək.

Mundiala daha yaxşı hazırlaşmaq məqsədilə sərbəst güləş üzrə müvafiq komandamız Dağıstanda məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında oktyabrın 23-dək yerli yığma ilə birgə təlim-məşq toplanışında iştirak edir.

Heyətdə 13 güləşçi yer alıb. Hazırlıq prosesinin ilk günlərindən məşqlərdə İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov, Sabir Cəfərov (hər ikisi 65 kq), Əşrəf Aşurov, Davud İbrahimov, Cəbrayıl Hacıyev (hamısı 70 kq), Murad Süleymanov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) iştirak edib. Yakutskda keçirilən Dmitri Korkin Memorialında çıxış edən Hacımurad Hacıyev (74 kq) və Abubakr Abakarov (79 kq) isə turnir başa çatdıqdan sonra təlim-məşq toplanışına qoşulublar.

Xəbər 639 dəfə oxundu.