Abiyev Ağacan Qulam oğlu
Abiyev Ağacan Qulam oğlu 1937-ci il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu, 1966-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində keçmiş SSRİ-də böyük nüfuz rəmzi sayılan Lenin təqaüdünə layiq görülüb. 1967-70-ci illərdə Moskvada aspiranturada təhsilini davam etdirmiş və 1970-ci ildə dissertasiya müdafiə edərək, texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. 1971-83-cü illərdə Rusiyada, Lipetsk Politexnik İnstitutunda avtomatika kafedrasında işləmiş, 1973-cü ildən həmin kafedraya rəhbərlik etmişdir. 1983-cü ildə Bakıya qayıdaraq, əvvəlcə İnşaat Mühəndisləri İnstitutunda "Elektrotexnika və elektronika" kafedrasının müdiri, 1987-ci ildə isə seçki yolu ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun rektoru seçilmişdir.
A.Q.Abiyev 100-dən çox elmi əsərin, 1 monoqrafiyanın, 15 tədris vəsaitinin və 4 ixtiranın müəllifidir. Elektron hakimlik sisteminin ilk yaradıcılarındandır.
1953-cü ildən boksla məşğul olmuş, 6 dəfə Azərbaycan çempionu, 1957-ci ildə Zaqafqaziya və Moldaviya respublikaları spartakiadasının qalibi adını qazanaraq, SSRİ idman ustası normasını yerinə yetirmişdir. 1960-62-ci illərdə Ümumittifaq Həmkarlar İttifaqları birinciliyinin gümüş mükafatçısı olmuşdur. 1964-cü ildə Ağacan Abiyevə SSRİ fəxri idman ustası adı verilmişdir. "Neftçi" idman cəmiyyətində məşqçilik fəaliyyəti ilə məşğul olduğu müddət ərzində onlarla yüksək səviyyəli idmançı və idman ustaları hazırlamışdır.
1982-ci ildən bu günədək boks üzrə beynəlxalq dərəcəli hakimdir. Bir neçə Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə hakimlik etmişdir.
Yüksək idman nailiyyətlərinə görə professor Ağacan Qulam oğlu Abiyev SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim (AİBA) və əməkdar idman xadimi adına layiq görülmüşdür.
Hazırda Azərbaycan Boks Federasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibidir.
Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2001-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.
2002-ci ildə Avropa Boks Federasiyasının vitse-prezidenti, hakimlər komissiyasının sədri seçilmişdir. Bundan başqa Ağacan müəllim həm də Beynəlxalq Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü, hakimlər komissiyasının sədr müavini seçilmişdir.
2004-cü il Afina XXVIII Yay Olimpiya Oyunlarının boks üzrə baş hakimi olub.
A.Q.Abiyev Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2007-ci il tarixli Sərəncamı ilə "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb.
Millət vəkilidir.

Xəbər 8168 dəfə oxundu.