Azərbaycan velosipedçisi “Fatih Sultan Mehmet Kırklareli” turunda ikinci olub
Türkiyənin Edirne şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı “Fatih Sultan Mehmet Kırklareli” turu başa çatıb.

130 kilometrlik marşrutu ilk 3 pillədə başa vuranlar arasında Azərbaycan yığma komandasının üzvü Samir Cəbrayılov da var. Məsafəni 3 saat, 9 dəqiqə, 36 saniyəyə bitirən S.Cəbrayılov fotofinişə əsasən ikinci nəticə göstərib. Yığmamızın digər üzvü Elçin Əsədov da lider qrupun içində yer alıb və 5-ci olub.

S.Cəbrayılov ikinci, E.Əsədov isə beşinci yeri tutmaqla Azərbaycan yığma komandasının aktivinə “Tokio 2020” Yay Olimpiya Oyunları üçün daha 45 xal (30+15) qazandırıblar.

Bu yarışdan bir gün öncə təşkil edilən “Fatih Sultan Mehmet Edirne” turunda S.Cəbrayılov ikinci, E.Əsədov isə altıncı olmaqla reytinqimizi daha 40 xalla (30+10) zənginləşdiriblər.

İki gün ərzində 85 lisenziya xalı qazanan yığma komandamız Beynəlxalq Velosipedçilər İttifaqının Olimpiya reytinqində xallarını 836-ya çatdırıb və 5 pillə irəliləməklə sıralamada 114 ölkə arasında 44-cü yerə qalxıb.

Türkiyə yarışlarını uğurla başa vuran komandamızın növbəti sınağı Malayziyada olacaq – baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət yığmamız oktyabrın 15-19-da 5 mərhələdən ibarət 2.1 kateqoriyalı “Peninsula” turunda iştirak edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabrın 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.

Xəbər 1009 dəfə oxundu.