«Bakı» «Neftçi»ni yubileyini «ikiqat qızıl»la qarşılamağa imkan vermədi
Futbol mövsümü oyundan çox, nəticəsi maraqla gözlənilən kubok uğrunda mübarizənin final görüşü ilə başa çatdı. Axı, yubileyi ərəfəsində «Neftçi» onu «qızıl dubl»la qeyd etmək üçün var qüvvəsini sərf etmək fikrində idi. «Bakı» isə, əksinə, daha çox, qeyri-müəyyənlik şəpraitində keçirdiyi daha bir mövsümü ümid işığı ilə başa vurmaq, kuboku əldən verməmək fikrindədi. Üstəlik, kubok Avropaya çıxış ərəfəsində komandaya inam mənbəyi də ola bilərdi.
İlk baxışda nəticə bir qədər qeyri-adi görünə bilər. Elə düşünmək olar ki, «Bakı»ya lazım olan qələbəni erkən qollar bəxş etdi. Lakin matç ərəfəsində baş verənləri nəzərə alsaq, burada qəribə heç nə yoxdur. Tam əksinə, «Bakı» oyun hazırlığı ilə istəyinə daha yaxın idi. Ümumən bu görüş də mövsümdə baş verənlərin və hər dəfə icmallarda qeyd etdiklərimizin məntiqi davamı və yekunu oldu. Komandalar bu matçdan, sevinc və kədərdən çox, dərs götürməlidirlər. Çünki bu qarşılaşmanın təcrübəsi avrotəmsilçilərimizin daha çox karına gələcək.

Görüşdə əvvəllər qeyd etdiyimiz çatışmazlıqlar hər iki klubda var idi. Elə buna görə də matçın taleyini daha böyük əzmi, iradəsi və istəyi olan klub qazandı. Bu da kifayətdir ki, bir illik fasilədən sonra ilk titulunu qazanmış «Bakı» Avroliqa ərəfəsində özünəinama qapılmasın. Çünki o, meydanda oyun planında rəqibindən heç bir üstünlük göstərə bilmədi.
Bir tərəfdən, erkən qollar 8 ildir kubok üzünə həsrət qalan «Neftçi» üçün daha yaxşı idi. Bundan sonra o, əsl lider və mövsümün həqiqi qalibi kimi özünü toparlayıb rəqibə layiqli cavab verməli idi. Amma bunun əvəzində, psixoloji cəhətdən əvvəllər də işarə vurduğumuz hazırlıqsızlığını əyani göstərdi. Tək bu deyil, içi baş məşqçi qarışıq, komanda üzvlərinin nə üçün erkən bayrama başladıqlarını heç anlamaq olmur. Rəqibə layiqli cavab verilməməsinin daha bir səbəbi də elə budur.

«Neftçi» bununla da oyun planında da mövsümün uğursuzlarından olan «Bakı»dan çox da üstün olmadığını göstərməklə, əslində, Çempionlar Liqasına aparan yolda əla dərs aldı. İndi düşünüb-daşınmaq və lazım olan qərarları vermək lazımdır. Əgər buna qədər, əvvəlki illərin təcrübəsi əsasında, məşqçinin hazırlıq dövründə taktiki səhvlərə yol verməməli olduğunu deyirdiksə, indi ona sözlərində bir qədər diqqətli və sayğılı olmağı tövsiyə edərdik. Çünki özünəinam da natamamlıq kompoeksi yaradır və indiki vəziyyətdə «Neftçi» üçün Avropada asan rəqib yoxdur. Klub hazırlıq dövründə heyətinə əcnəbi oyunçularla yanaşı, bir-iki mütəxəssis də cəlb etsə, lap yerinə düşər. Çünki struktur və potensial baxımından «Neftçi» bu mərhələyə daha çox yaxındır.
Elə «Bakı» da artıq ciddi qərar verməlidir. Klub rəhbərliyi məşqçi seçərkən, onun nazı ilə oynamamlı və dağın başına qaldırmamalıdır. Əcnəbi mütəxəssis işinin əvəzində məvacib və əlhaqqı alır. Artıq klubun lazım olan bütün infrastruktur şəraiti də var. İndi komanda ciddi qərar verib, özünə uyğun məşqçi seçməli, digər infrastruktur vahidləri isə öz işini görməlidir. Məşqçi ilə danışıqlarda tələblərdən tutmuş, onun iş şəraiti, kadr seçimi və addımlarının həddi müqavilə bağlanmazdan əvvəl həll edilməlidir.

BATI YAR, “İdman” qəzeti




Xəbər 958 dəfə oxundu.