Dünya çempionatından iki kiçik medal

Mayın 1-dən 18-nə kimii Qvatemalanın Antiqua şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyi keçirib. Yarışda Azərbaycan idmançılarından Firudin Quliyev (69 kq), Nicat Rəhimov (77 kq ) iştirak ediblər. Komandamıza yığmamızın məsul məşqçisi Nizami Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Azad Nurməmmədov başçılıq ediblər. Yarışın münsiflər heyətində azərbaycanlı hakim Vahid Nəzərov olub.
Firudin Quliyev birdən qaldırma hərəkətində uğursuz çıxış edib. İlk cəhdində 130 kq-ı başı üzərinə qaldıran Firudin, daha sonra sifariş verdiyi 134 kq-ın öhdəsindən gələ bilməyib. Bu nəticə idmançımıza yalnız 11-c1 olmaq imkanı verib. Təkanla qaldırma hərəkəti isə uğurlu alınıb. Əvvəlcə 171 kq, sonra isə 176 kq-ın öhdəsindən gələn Firudin, son yanaşmasında 181 kq-ı qaldıra bilməyib. Buna baxmayaraq, o, təkanla qaldırmada dünya çempionatının kiçik gümüş medalını əldə edib. İki hərəkətin cəminə görə 306 kq nəticə ilə idmançımız 5-ci pilləni tutub.
İkinci ağırlıqqaldıranımız Nicat Rəhimov birdən qaldırma hərəkətində 148 kq-ı başı üzərinə qaldırıb. Bu nəticə ilə atletimiz 5-ci yerdə qərarlaşıb. Sinqapurda yeniyetmələrin birinci olimpiya oyunlarının qalibi təkanla qaldırmada 185 kq çəkinin öhdəsindən gəlib və kiçik bürünc medal sahibi olub. Ümumi hesabda 333 kq nəticə göstərən Nicat 4-cü yeri tutub.

Xəbər 1197 dəfə oxundu.