Poliatlon çoxnövçülüyü üzrə Şahbuz rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Şahbuz rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən birinciliyin qalibləri müəyyənləşib.

Tədbirdə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov, Təhsil Şöbəsinin əməkdaşı Fikrət Cəfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin əməkdaşı Məhərrəm Əliyev çıxış ediblər.

Yarışda 14 ümumtəhsil məktəbinin komandası iştirak edib. Komandalar 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atmaq və 2000 məsafəyə kross qaçış növlərində güclərini sınayıblar.

Komanda hesabında Keçili kənd tam orta məktəbin komandası 393 xalla birinci, Kolanı kənd tam orta məktəbin komandası 328 xalla ikinci, Kükü kənd tam orta məktəbinin komandası isə 313 xalla üçüncü yerə layiq görülüb. Qaliblərə təşkilatçıların diplom və kubokları təqdim olunub.

Qeyd edək ki, birincilik Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.


Xəbər 720 dəfə oxundu.