Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının birinci vitse-prezidenti təyin edilib
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov Dünya Karate Federasiyası (WKF) tərəfindən rəsmən tanınan Dünya Şotokan Federasiyasının (WSF) birinci vitse-prezidenti təyin edilib.

WKF-in prezidenti Antonio Espinosun göstərişi ilə təyin edilən heyətə Türkiyə Karate Federasiyasının (TKF) prezidenti Esed Delihasan başçılıq edəcək. A.Espinos, E.Delihasan və Y.Bəşirovun iştirakı ilə Moskvada keçirilən yığıncaqda 2009-cu ildə yaradılan WSF-nin yeni İdarə Heyətinin üzvləri seçilib. Rumıniya Karate Federasiyasının prezidenti Adrian Popesku WSF başçısının köməkçisi, Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basiliya ikinci vitse-prezident, TKF-in rəsmilərindən Hayrettin Hamurçu üçüncü vitse-prezident, Ercumənt Taşdəmir isə baş katib təyin edilib. Təşkilatın İdarə heyətinin üzvləri arasında Bolqarıstan Karate Federasiyasının vitse-prezidenti Rossalin Rossalinov, Cənubi Afrika Respublikası Karate Federasiyasının prezidenti Sonni Pillay, həmçinin ölkələrində bu təşkilatın rəhbərləri olan Keyvan Gazi (Yunanıstan) və Erol Gülal Vesef (İsveçrə) yer alıb.

Noyabrın 1-dən 3-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə WSF-nin növbəti Avropa çempionatı keçiriləcək. Yarışda 30-dək ölkədən 2500-dən artıq karateçi iştirak edəcək. Yarış ərəfəsində təşkilatın İdarə Heyətinə yeni üzvlərin qəbul olunması nəzərdə tutulub. Yığıncaqda WSF-i inkişaf etdirmək məsələləri gündəmə gətiriləcək.

WSF təşkilatının WKF tərəfindən tanınması ilə bağlı görüşdən sonra Antonio Espinos Yaşar Bəşirovla söhbətində 2020-ci ilin martında Bakıda keçiriləcək 55-ci Avropa çempionatına hazırlıq işlərindən, eləcə də, nəzərdə tutulan başqa planlar barədə danışıblar.

Y.Bəşirov Moskvada digər görüşlərində Rusiya Karate Federasiyasının prezidenti Sergey Çoya, vitse-prezident Viktor Xana, keçmiş Sovetlər Birliyində karatenin banisi Aleksey Şturminə, üçqat SSRİ çempionu Venyamin Paka, eləcə də Qazaxıstan Karate Federasiyasının vitse-prezidenti Jastalap Sanaupova AMKF-in 25 illik xatirə medallarını və fəxri diplom təqdim edib. Federasiya rəsmiləri arasında qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

AZƏRTAC

Xəbər 739 dəfə oxundu.