Azərbaycan şahmatının yeni zirvəsi
Dünya kubokunu Teymur Rəcəbov qazandı

Oktyabr ayının ilk günləri Azərbaycan şahmatının tarixinə möhtəşəm bir səhifənin yazılması ilə əlamətdar oldu. Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya kuboku yarışı Azərbaycan şahmatçısı Teymur Rəcəbovun qələbəsi ilə başa çatdı.

Həm də bu turnirdən Azərbaycan şahmatsevərləri üçün böyük sevinclər gətirən müjdələr, yarımfinal uğurunun xəbəri ilə gəlməyə başladı.

Teymurun fransalı qrossmeyster Maksim Vaşye-Laqravla yarımfinal görüşündə ilk partiyada rəqiblər münasibətləri Siciliya müdafiəsində aydınlaşdırdılar. Ağlarla oynayan fransalı öz oyununu bir qədər gücləndirsə də, vəzirlər gedəndən sonra Teymur üçün təhlükə sovuşdu. Topların dəyişməsindən sonra isə artıq ağlara ehtiyatlı olmaq lazım gəldi. Buna baxmayaraq, Teymur rəqibini çox sıxmadı və tərəflər 31-ci gedişdə heç-heçəyə razılaşdılar.

İkinci partiyada rəqabət ingilis başlanğıcı ilə start götürdü. Qaralarla oynayan Vaşye-Laqrav erkən mərhələdə vəzir dəyişikliyindən imtina etdi və bundan sonra Teymur rəqibin şahına güclü hücum təşkil etdi. Fransalı şahını çətin vəziyyətdən çıxara bilsə də, buna piyada itkisi ilə nail oldu. Teymur hücum üslubunu qoruyaraq şah cinahında həmlələrini davam etdirdi. Qaralar dəfələrlə vəzir dəyişikliyindən üz döndərsə də, 40-cı gedişə artıq mümkün gedişlərinin sayı minimallaşmışdı. Ümidsiz vəziyyətdə topu nəzarətdən qaçıran Vaşye-Laqrav təslim oldu. Teymur bu qələbə ilə Dünya kubokun
un finalına çıxmaqla namizədlərin turnirinə də vəsiqəni özünə təmin etdi.
Digər yarımfinalda iki çinlinin mübarizəsində Dinq Liren həmvətəni Yuy Yanyini əsas partiyalardakı heç-heçələrdən sonra tay-brekin ikinci partiyasında üstələyərək Teymura rəqib oldu.

Rəcəbovla Liren finala sülhlə başladılar. Qarşılaşma heç bir saat çəkmədi. İspan partiyasında Marşall əks-hücumunu oynayan rəqiblər özlərinin yaxınlarda Şəmkirdəki duellərini təkrarladılar. Fiqurlarını həvəslə dəyişən şahmatçılar 33-cü gedişdə top endşpilində heç-heçəyə əl sıxdılar.

Oktyabrın 1-də Dinq Liren Çin Xalq Respublikasının yaradılmasının 70 illiyini qeyd edən həmvətənlərinə qələbə hədiyyə etdi. Ağlarla oynayan çinli məlum ingilis başlanğıcında piyadasını fəda edib əhəmiyyətli mövqe qazandı və rəqibin şahına həmlə etdi. Bu məqamda qaraların fiqurları son 3 sırada sıxılmış vəziyyətə düşdü. Qara piyadanın e6-e5 yanlış gedişi ağ fiqurların rəqib düşərgəsinə yönəlməsinə şərait yaratdı.

Dəqiq oyunla həlledici üstünlüyü əldə edən Liren 40-cı gedişdə qələbəyə nail oldu.
Növbəti gün isə Teymur öz həmvətənlərini sevindirdi. Finalın ilk partiyasındakı kimi ispan partiyasının Marşall əks-hücumlu rəqabətində bu dəfə fərqli variant oynanıldı. Daha yaxşı hazırlığını nümayiş etdirən Rəcəbov vəzir dəyişikliyindən sonra maraqlı kombinasiya həyata keçirərək rəqib piyadasını vurdu. Toplu və eynirəngli filli endşpildə qaralara müdafiə olunmaq heç də asan olmadı. Tədricən üstünlüyünü artıran Rəcəbov 45-ci gedişdə rəqibini təslim edərək ümumi hesabı bərabərləşdirdi.

İngilis başlanğıclı 4-cü partiyada qaralarla oynayan Teymur piyadanı qurban versə də, rəqib şahının zəif mövqeyi şəklində müəyyən kompensasiya əldə etdi. Partiya tez bir zamanda sonluğa çatdı və burada piyada strukturu ağlara artıq piyadadan yararlanmağa real ümid vermirdi. Top endşpilində qaralar piyada geriliyini aradan qaldırıb tam bərabərliyə nail oldular və 31-ci gedişdə sülh bağlanıldı. Və ümumi hesabın da bərabərliyi final rəqabətini tay-brek müstəvisinə keçirdi.

Teymurun ağ fiqurlarla oynadığı ilk rapid partiyası dəyişkən üstünlüklə keçdi. Yekunda isə tərəflər bərabərliyə razılaşdılar. Daha sakit üslubda keçən ikinci partiyanın da nəticəsi eyni oldu. Daha sonra "10+10" nəzarət vaxtlı ilk partiyada Rəcəbov əvvəlcə üstünlük qazansa da, çinli şahmatçı vəziyyətdən çıxa bildi. İkinci belə partiya da sülhlə bitdi. Nəticədə kubok sahibinin müəyyən edilməsi məsələsi blits partiyaların üzərinə düşdü. İlk blitsdə Teymur rəqibini yüngül fiqurlu endşpildə üstələyərək hesabda önə çıxdı. İkinci blitsdə Liren qara fiqurlarla vəziyyəti düzəltmək istəsə də, Teymur daha bir qələbə ilə finalın yekun hesabını 6:4 kimi müəyyənləşdirdi və adını şahmat tarixinə Dünya kubokunun 8-ci sahibi kimi yazdırdı. Bu möhtəşəm qələbədən sonra keçirilən mətbuat konfransında Teymur Rəcəbov uğurunun ilk təəssüratlarını bölüşdü.

Final partiyalarından, turnirdə iştirakından danışan şahmatçımız bunları dedi: "Doğrusu, turnirdə iştirakımı bilmirəm necə dəyərləndirim. Ümumiyyətlə pis olmadı. Şadam ki, kifayət qədər aqressiv oynadım. Partiyaların birində qapını "çırpmaq" istədim, amma bütün turnirin qapısını "çırpdım". Ancaq yol elə çətin oldu ki, düzü, partiyaların yarısı artıq yadımda deyil. İkinci yarısını isə daima beynimdə fırladıram. Buna görə də bütövlükdə çox qəribə vəziyyətdəyəm.

Turnirdən hamıdan əvvəl getməyə hazırlaşırdım, hamıdan sonda gedirəm. Bütün dostlarım Kuboku tərk etdilər və məndə tənhalıq hissi var idi. Bu vəziyyətdə ancaq turniri qazanmaq lazım idi. Çünki üçüncü yer uğrunda oynamaq mənə çətin olardı. Görüşlər zamanı başa düşürdüm ki, tay-breklərə çıxmaq mənə çətindir. Ancaq bu olacaqsa, onu ilk iki partiyada başa çatdırmalıyam.

Hesab edirəm ki, Maksim Vaşye-Laqravla partiyam xüsusilə yaxşı alındı. Zənnimcə, o, hazırlıq və oyunun özü baxımından çox maraqlı idi. Bu mənim ən dəqiq partiyam idi. Həmçinin Dinq Lirenə qarşı final matçında hesabdakı geriliyi necə aradan qaldırmağım yaddaqalan oldu. Oyun əsəbi alındı. Hiss edirdim ki, rəqibin əsəbləri gərgindir. Çünki, turnirdə qələbə çox yaxın idi. Və normal halda o, belə endşpili qoruyardı. Bütün bunları Kubokun sonunda özünü büruzə verən əsəbi gərginliyə yazıram.

Turnirə fiziki olaraq hazırlaşmamışdım. Bu elə bir reseptdir ki, nəyisə səmimi olaraq istəmirsən, amma əldə edirsən. Bu belə olur, bunu bilirdim, amma mənimlə belə olacağını bilmirdim".

Dünya kuboku turniri mükafatlandırma mərasimi ilə yekunlaşdı və baş mükafat Kubokun yeni sahibinə təqdim olundu.

Bu zəfər müstəqil Azərbaycan şahmatının fəth etdiyi zirvələr sırasına daha birini də artırdı. İrəlidə isə komanda yoldaşının uğuruna sevincini sosial şəbəkələrdə bölüşərkən Şəhriyar Məmmədyarovun sıraladığı 6 zirvə qaldı: "1. kişilər arasında dünya çempionu; 2. iddiaçılar turnirinin qalibi; 3.blits üzrə dünya çempionu 4. komanda üzrə dünya çempionatı; 5. Şahmat olimpiadası; 6. şəxsi Avropa çempionu.
İnanırıq ki, Şəhriyarla Teymur əl-ələ verib milli komandadakı yoldaşları ilə birgə bu siyahını tezliklə qısaldacaq, hətta tamam ləğv edəcəklər.

Vüqar İNQİLABOĞLU






Xəbər 1976 dəfə oxundu.