Masallıda taekvondo üzrə açıq rayon birinciliyi başa çatıb
Masallı Taekvondo Mərkəzində 18 oktyabr - Dövlət Müstəqillik Gününə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında keçirilən taekvondo üzrə açıq rayon birinciliyi başa çatıb.

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən və iki gün davam edən yarışda 150 nəfərə yaxın idmançı 23 çəki dərəcəsində mübarizə aparıb.

Dörd yaş qrupu üzrə keçirilən yarışda 13 komanda tərkibində Masallı, Lənkəran, Yardımlı, Cəlilabad rayonlarının idmançıları ilə yanaşı, Bakı, Sumqayıt, Şirvan və Tovuz şəhər və rayonlarından olan idmançılar da tatami üzərində öz güclərini sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən Masallı rayonunun komandası birinci, Lənkəran rayonunun komandası ikinci, Sumqayıt şəhərinin komandası isə üçüncü yeri tutublar.

Qaliblərə diplom və medallar təqdim olunub.

Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qalibləri təbrik edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

O bildirib ki, yarışın keçirilməsində məqsəd idmançıların fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkili, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, dostluq əlaqələrinin təbliği, idmanın kütləviliyinə nail olunması, ölkəmizdə, o cümlədən Masallı rayonunda taekvondo idman növünün geniş təbliğ edilməsi, yeniyetmələrin bu idman növünə marağının artırılmasından ibarətdir.

Xəbər 579 dəfə oxundu.