Şamaxıda güləş məşqçiləri üçün seminar təşkil olunub
Şamaxıda Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII açıq respublika turniri keçirilir.

Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq ənənəvi yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparırlar. Bütün bölgələrdən və idman cəmiyyətlərindən güləşçilərin qatılacağı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edirlər.

Yarışdan əvvəl Oleq Krapivin, Azərbaycan Güləş Federasiyasının (AGF) İdman şöbəsinin müdiri Yaqub Məmmədov və AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin iştirakı ilə məşqçilər üçün seminar baş tutub. Tədbirdə rəsmi şəxslər idman prinsiplərinə və nizam-intizam qaydalarına riayət etməyin vacibliyini dilə gətirməklə yanaşı, yarışın reqlamentini və digər məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra püşkatma mərasimi keçirilib.

Qeyd edək ki, turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəki dərəcələrində ümumilikdə 350-dən artıq güləşçi mübarizə aparır.

Xəbər 856 dəfə oxundu.