Azərbaycan Gimnastika Federasiyası payız mövsümündə yerli yarışlar keçirməyə hazırlaşır
Uğurlu təşkil olunmuş irimiqyaslı beynəlxalq yarışlardan sonra Azərbaycan Gimnastika Federasiyası (AGF) payız mövsümündə yerli yarışlar keçirməyə hazırlaşır.

Azsport.az AGF-yə istinadla xəbər verir ki, ilin son aylarında gimnastikanın 6 növü üzrə turnirlər təşkil ediləcək. Belə ki, oktyabrın 10-13-də bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı keçiriləcək. Bu yarışlar Milli Gimnastika Arenasının əsas zalında baş tutacaq.

Növbəti yarışlar isə tamblinq üzrə 17-ci Azərbaycan birinciliyi və çempionatı və batut gimnastikası üzrə 5-ci ölkə birinciliyi və çempionatı olacaqdır. Tamblinq üzrə turnir noyabrın 8-də Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə yarış isə ertəsi gün Bakı Olimpiya Kompleksində təşkil ediləcək.

İlin sonuncu yerli yarışları isə noyabrın 15-16-da Sumqayıtda keçiriləcək. Bu dəfə gimnastikanın 4 növü üzrə yarışlar - kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 26-cı respublika və paytaxt çempionatı və aerobika gimnastikası üzrə 5-ci Bakı birinciliyi və ölkə çempionatı birləşdirilmiş şəkildə Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.

Yerli yarışların Azərbaycanın müxtəlif şəhərlərində keçirilməsi gimnastikanın bu bölgələrdə daha da inkişafına, eləcə də gənc nəslin bu idman növlərinə marağının artırılmasına xidmət edir.

Xəbər 736 dəfə oxundu.