«Qalatasaray» transfer üçün qollarını çırmadı
18-ci çempionluğuna yetişən «Qalatasaray», gələn mövsüm Çempionlar Liqasında komandaya uğurlu çıxışı təmin edə biləcək bir heyət qurmaq üçün qollarını çırmadı. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Fateh Terimin təklifi əsasında bir çox oyunçu ilə yollarını ayırmağı planlaşdıran çempion həm yerli, həm də xarici oyunçu bazarında işlərinə sürət verdi.

«Qalatasaray»da gündəmin ilk mövqeyində Felipe Melonun adı var. Sarı-qırmızılılar braziliyalı ulduzla bağlı transfer işlərinə başlamalıdı. Riera, Milan Baroş, Culio və Stançu üçün təkliflər gözləyən «Qalatasaray»da Fateh Terimin Hamit Altıntop və Diarra üçün «Real»ın sükançısı Maurinyo ilə görüşəcəyi gözlənilir.

Klub rəhbərliyi hazırda Felipe Melonun transfer xərcini mümkün qədər aşağı salmaqla məşğuldu. Braziliyalı futbolçunun sahibi olan «Yuventus»la bu həftə aparılacaq müzakirələrin ardından transfer son mərhələyə qədəm qoyacaq.
Kluba gözləniləni verə bilməyən Albert Riera və daha bir il müqavilə müddəti qalan Milan Baroş üçün də təkliflər dəyərləndiriləcək və hər iki oyunçuyla yollar ayrılacaq.

«Orduspor»da icarə əsasında oynayan Boqdan Stançu və Emanuel Culio ilə də yolların ayrılması qəti görünür. Terim Türkiyə Futbol Federasiyasının təyin edəcəyi legioner limitini məhdudlaşdırması üzündən maksimum 5 xarici futbolçunu heyətində möhkəmlədə biləcək. Təcrübəli məşqçi eyni sayda türk futbolçunu da transfer etməyi planlaşdırır.

Yerli oyunçu heyətini daha da gücləndirməyi düşünən Terimin ilk hədəfi Madrid «Real»ının və türk millisinin oyunçusu Hamit Altıntopdu. Önümüzdəki günlərdə Joze Maurinyo ilə bir araya gələcək Terim, eyni zamanda Meloya alternativ olaraq da Lassana Diarranın da adını siyahısına salıb. Terim portuqaliyalı məşqçi ilə Diarra üçün də danışıqlar aparacaq.

Xəbər 1167 dəfə oxundu.