Bakıda vəkillər arasında futbol üzrə birinci Cənubi Qafqaz beynəlxalq turniri start götürüb
Bu il Azərbaycanda və Gürcüstanda vəkilliyin yaranmasının 100 illiyi qeyd olunur. Yubiley münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində hər iki ölkənin Vəkillər kollegiyalarının birgə təşkilatçılığı ilə vəkillər arasında futbol üzrə birinci Cənubi Qafqaz beynəlxalq turnirinin açılış mərasimi olub.

Mərasimdə qurumun rəhbərliyi, turnirin təşkilat komitəsinin, iştirakçı komandaların nümayəndələri iştirak ediblər.

Kollegiyanın sədri Anar Bağırov cari ilin həm Azərbaycan, həm də Gürcüstan vəkilliyi üçün əlamətdar olduğunu, hər iki ölkədə silsilə tədbirlərin keçirildiyini vurğulayıb. O, silsilə tədbirlər çərçivəsində ilk dəfə keçirilən futbol turnirinə məhz Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğunu bildirib.
Gürcüstan Vəkillər Kollegiyasının icraçı direktoru Giorgi Çexani Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə digər istiqamətlərdə olduğu kimi, idman sahəsində də əməkdaşlığı yüksək qiymətləndirib.

Sonra turnirin püşkü atılıb. Oktyabrın 3-dən 6-dək davam edəcək turnirdə 10 ölkədən 16 futbol komandası iştirak edir. Qrup mərhələsinin oyunları oktyabrın 3-4-də, pley-off qarşılaşmaları ayın 4-6-da keçiriləcək.

Xəbər 730 dəfə oxundu.