Qılıncoynadanımız beynəlxalq turnirdə qızıl medal qazanıb
Azərbaycanın qadınlardan ibarət sablya üzrə milli komandasının üzvü Anna Başta Belçikanın Gent şəhərində keçirilən “Satellite” seriyalı “Flemish Open” turnirinin qalibi olub.

Qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran A.Başta, mütləq nəticə ilə birbaşa turnirin onaltıdabir final mərhələsinə yüksəlib. Bu mərhələdə kolumbiyalı Quarin Lopez (15:5) üzərində inamlı qələbə qazanan sablyaçımız, səkkizdəbir finalda belçikalı Jolien Korteyni 15:11 hesabı ilə məğlub edib. Turnirin dörddəbir finalında Azərbaycan dueli baş tutub. Qrup mərhələsini 5 qələbə ilə başa vuraraq pley-offda Almaniya təmsilçisi Liza Ruetgers (15:4) və honkonqlu Au Sin Yinq (15:13) üzərində qələbə qazanan Sevil Bünyatova Anna Baştaya rəqib olub. Maraqlı mübarizə şəraitində keçən görüşdə Başta S.Bünyatovanı 15:11 hesabı məğlub edib. A.Başta yarımfinalda argentinalı Maurise Perezə heç bir şans verməyib-15:4. Finalda Hindistan idmançısı Anandha Çadalavadaya 15:10 hesabı ilə qalib gələn Anna Başta qadın sablyaçıların şəxsi yarışında “Flemish Open” turnirinin qızıl medalını qazanıb.

Digər qadın sablyaçılarımızdan qrupda qazandığı 4 qalibiyyətlə pley-offa yüksələn Valeriya Bolşakova 1/16 finalda Böyük Britaniya təmsilçisi Tamara Karnaka (15:8) qalib gəlsə də, 1/8 finalda argentinalı Maurise Perezə (12:15) uduzub. Qrupu 5 qələbə ilə başa vuran Səbinə Kərimova isə 1/16 finalda italiyalı Fusko Paqano üzərində (15:13) qələbə qazanıb. Kərimova 1/8-də digər italiyalı sablyaçı Eloisa Passaroya (14:15) məğlub olub. Qrupu 3 qələbə ilə bitirən Aysel Əhədova da pley-offa adlamağı bacarıb. Əhədova 1/32 finalda Erin Konkoranı (15:11) üstələsə də, 1/8-də turnirin gümüş medalçısı Anandha Çadalavadaya (Hindistan) (3:15) uduzub.

Kişi sablyaçıların şəxsi mübarizəsində Cavanşir Ağakişiyev qrupda qazandığı 4 qələbə sayəsində pley-offa yüksəlsə də, burada Avstraliya qılıncoynadanı Dik Jadrin (14:15) qələbə qazanıb.

Xəbər 752 dəfə oxundu.