Azərbaycan Premyer Liqasının altıncı turu yekunlaşıb
Sentyabrın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasında 6-ci turu yekunlaşıb.

Turun sonuncu görüşündə “Keşlə” öz meydanında “Zirə”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə bitib (2:0).

İlk yarıda hesab açılmayıb. İkinci hissədə isə “Keşlə” iki baxımlı qola imza atıb. Qarşılaşmanın 53-cü dəqiqəsində Ruslan Qurbanov qapının uzaq küncünə qarşısıalınmaz zərbə endirib. Oyunun 64-cü dəqiqəsində isə Lorenso Frutos cinah ötürməsindən sonra topu qapıya keçirib.

Bununla da “Keşlə” xallarını 10-a çatdıraraq 3-cü pilləyə yüksəlib. “Zirə” isə 7 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk üç matçında “Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib (2:0), “Qəbələ” doğma meydanda “Neftçi”yə 3 cavabsız qolla uduzub. “Sabah” isə “Səbail”dən üstün olub (2:0).

Altı turdan sonra turnir cədvəlinə 18 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivlərində 10 xalları olan “Səbail” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (8), “Zirə” (7), “Sumqayıt” (6), “Sabah” (5) və “Qəbələ” (4) yer alıb.


Xəbər 705 dəfə oxundu.