Boksçularımız Dağıstanda turnirdə 11 medal qazanıblar
Dağıstanın Aquşa kəndində azərbaycanlı boksçu, üçqat dünya çempionu, London Yay Olimpiya Oyunlarının mükafatçısı Məhəmmədrəsul Məcidovun şərəfinə turnir keçirilib. Sentyabrın 26-dan 29-dək yeniyetmə boksçular arasında təşkil edilən yarışda ölkəmizi məşqçi Tofiq Babayevin rəhbərliyi altında Baku Fayt Lab (BFL) klubunun yetirmələri təmsil ediblər.

Boksçularımız turnirdə uğurla çıxış edərək 11 medal qazanıblar. Yığmanın üzvlərindən Tacı Tağızadə (57 kq), Həsən Məlikov (49 kq), Ənvər Babayev (66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Mirabbas Şahsuvarlı (60 kq), Rəsul Məmmədov (54 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar. Emin İbrahimov (60 kq), Zəlimxan Süleymanov, Elmar Abbasov (hər ikisi 56 kq), Hikmət Tağızadə (75 kq), Türkeş Mustafayev (69 kq) və Asif Hüseynov (63 kq) isə bürünc medala layiq görülüblər.

BFL-in baş məşqçisi Rasim Məmmədov müsahibəsində boksçularımızın çıxışlarını yüksək qiymətləndirib: “Azərbaycanlı boksçu M.Rəsulovun boya-başa çatdığı doğma Aquşa kəndində keçirilən turnirdə komandamızın üzvləri yüksək ustalıq nümayiş etdirdilər. Onların əksəriyyəti artıq gələn ildən gənclər arasında güclərini sınayacaqlar. Qarşıda komandamızı bir sıra yarışlar gözləyir. Ümid edirəm ki, boksçularımız növbəti turnirlərdə də öz sözlərini deyəcəklər”.

AZƏRTAC

Xəbər 916 dəfə oxundu.