Çinin qadın voleybolçuları dünya kuboku turnirinin qalibi olublar
Çinin qadın voleybolçulardan ibarət yığma komandası Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Yaponiyada keçirilən dünya kuboku yarışının qalibi olub.

10-cu turda Serbiya yığmasına 3:0 hesabı ilə qalib gələn Çin millisi 29 xal toplayaraq yarışın bitməsinə bir tur qalmış vaxtından əvvəl çempion adını qazanıb.

Çin komandası yarışda 10 oyunda 10 qələbə ilə yüz faizlik nəticə göstərib. Komanda qələbəyə gedən yolda Cənubi Koreya, Kamerun, Rusiya, Dominikan, Yaponiya, ABŞ, Keniya və Serbiya yığmalarını 3:0, Braziliyanı 3:2, Niderlandı isə 3:1 hesabı ilə məğlub edib. Çin millisi sonuncu turda Argentina yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, bu, Çinin qadın voleybolçularının nüfuzlu beynəlxalq yarışlarda 10-cu, dünya kubokunda isə 5-ci qələbəsidir. Komanda 3 dəfə Olimpiya çempionu, 2 dəfə də dünya çempionu adını qazanıb.

AZƏRTAC


Xəbər 776 dəfə oxundu.