Nazir Azad Rəhimov Rusiyanın İdman naziri Pavel Kolobkov ilə görüşüb
Sentyabrın 27-də Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Rusiyanın İdman naziri Pavel Kolobkov ilə görüşüb.

Görüşdə nazir Azad Rəhimov ötən ilin sentyabrında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında” Sazişin uğurla həyata keçirildiyini, bu sənədin idmanın inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb. Nazir bildirib ki, Saziş ölkələrimizdə idmanın inkişafında, yeni idmançı nəslinin yetişməsində çox böyük rol oynayır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin demək olar ki, hər birində Rusiya idmançıları fəal iştirak edir, yüksək pillələrə yüksəlirlər. Gələn ilin Olimpiya ili olacağını nəzər alsaq, bizi daha məsuliyyətli və gərgin il gözləyir.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən P.Kolobkov da 2018-ci ildə Soçidə imzalanmış Sazişin əhəmiyyətindən və ötən ildə qarşılıqlı əməkdaşlıq sayəsində qazanılan uğurlardan söz açıb. Rusiyalı nazir vurğulayıb ki, 2020-ci ilin avqustunda Kazanda ilk dəfə olaraq MDB ölkələrinin idman yarışları keçiriləcək. Gənclər arasında baş tutacaq bu yarışa 2 mindən çox qonaq qatılacaq.

P.Kolobkov deyib: “Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib. İstər idman infrastrukturu, istərsə də, idman yarışlarının təşkili ən yüksək səviyyədədir. Əminik ki, 2020-ci ildə ilk dəfə Kazanda keçiriləcək MDB ölkələrinin idman yarışları azarkeşlərin yaddaşında uzun müddət qalacaq. Əgər 2022-ci ildə baş tutacaq növbəti yarışa ev sahibliyi hüququ Azərbaycana düşərsə həmin turnirin yüksək səviyyədə təşkil olunacağını indidən deyə bilərik. Hazırda əsas məqsədlərdən biri MDB ölkələrinin idman yarışlarının keçirilməsində xüsusi komandanın qurulması və tədbirlər planının işlənib hazırlanmasıdır”.

Görüşün sonunda P.Kolobkov Azərbaycanın Gənclər və İdman naziri A.Rəhimovu oktyabrın 10-11-də Rusiyanın Nijni-Novqorod şəhərində gerçəkləşəcək “Rusiya idman ölkəsi” beynəlxalq idman forumuna dəvət edib.

Xəbər 1207 dəfə oxundu.