Teymur Rəcəbov dünya çempionatının finalına yüksəlməklə iddiaçılar turnirinə vəsiqəni təmin edib
Sentyabrın 27-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirində yarımfinal mərhələsinin cavab partiyaları oynanılıb.

Bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşe-Laqrav ilə üz-üzə gəlib. Şahmatçımızın birinci partiyada görüşü heç-heçə başa çatıb. Cavab partiyasında isə T.Rəcəbov qalib gəlib. İki oyunun nəticəsinə görə, şahmatçımız turnirin finalına vəsiqə qazanıb. Vəsiqə ilə yanaşı, təmsilçimiz iddiaçılar turnirinə vəsiqəni də təmin edib.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar.

Ş.Məmmədyarov isə səkkizdəbir finalda komanda yoldaşı T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

Xəbər 802 dəfə oxundu.