Cüdoçumuz Vüqar Talıbov dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Vüqar Talıbov (73 kq) Qazaxıstanın Almatı şəhərində keçirilən kadetlər arasında dünya çempionatının üçüncü günündə bürünc medala sahib olub.

İdmançımız otuzikidəbir finalda avstraliyalı Danni Voynikoviçi məğlub edib. Növbəti mərhələdə tunisli Həmzə Vergini üstələyən cüdoçumuz səkkizdəbir finalda qırğızıstanlı Arseni Kladnovu məğlubiyyətə uğradıb. Dörddəbir finalda Braziliya təmsilçisi Qustavo Qomezə uduzan V.Talıbovun təsəlliverici görüşdə rəqibi tacikistanlı Qanijon Qaniyev olub. Cüdoçumuz rəqibinə qalib gələrək bürünc medal uğrunda mübarizədə iştirak hüququ qazanıb. O, bu mərhələdə italiyalı Luici Sentracçioya qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Yarışın ikinci günündə Azərbaycan cüdoçusu Kamran Süleymanov 60 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.

Çempionatda ölkəmizi 18 cüdoçu təmsil edir.

Xəbər 767 dəfə oxundu.