Futzal üzrə Azərbaycan millisinin üzvü “Caspian Cup 2019” turnirinin ən yaxşı müdafiəçisi seçilib
Rusiyanın Həştərxan şəhərində təşkil olunmuş futzal üzrə “Caspian Cup 2019” turniri başa çatıb. Sonuncu oyunda İran millisini 9:3 hesabı ilə məğlub edən Rusiya yığması turnirin qalibi olub. İran gümüş, Qazaxıstan isə bürünc medal qazanıb. Yığmamız turniri sonuncu pillədə başa vurub.

Rusiya-İran qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. Millimizin üzvü Eduardo Borges ən yaxşı müdafiəçi seçilib.

Mükafatları Rusiya Mini-futbol Federasiyasının prezidenti Emil Əliyev, Həştərxan vilayətinin bədən tərbiyəsi və idman naziri Maksim Fidurov, vilayətin mini-futbol federasiyasının rəhbəri Remir Muharramov təqdim ediblər.

Qeyd edək ki, 2017-ci ildə İranda keçirilmiş ilk turnirdə millimiz üçüncü pilləni tutub. Həmin turnirdə qalib İran, gümüş medalçı isə Rusiya olub. Qazaxıstan isə yarışı dördüncü pillədə başa vurub.

Xəbər 739 dəfə oxundu.