Yelena Vıstropova: Bu, həm də tarixi yarışdır - MÜSAHİBƏ
Yelena Vıstropova Çin Xalq Respublikasının Quançjao şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanaraq, London Yay Olimpiya Oyunlarına vəsiqə qazandı. İdman.com.az saytının məlumatına görə, milli komandamızın üzvü İsveç idmançısı Anna Laurelli məğlub etdikdən sonra, Azərbaycan Boks Federasiyasının mətbut xidmətinə müsahibə verib.

- Sizi artıq olimpiya oyunlarının iştirakçısı kimi təbrik edirik. İlk təssüratlarınızı bilmək istərdik, yəqin ki, çox sevinclisiniz?
- Təbrikə görə çox sağ olun. Amma o qədər həyəcanliyam ki, fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm. Çox xoşbəxtəm. Bu məqsədə nail olmaq üçün uzun yol keçdik. Çətinliklərimiz çox oldu. Təlim-məşq toplanışları, ağır məşqlər. Amma sevinirəm ki, əziyyətimiz hədər getmədi. Və mən artıq sizinlə Olimpiya komandamızın üzvü kimi danışıram.

- Finala kimi irəliləmək üçün 4 döyüş keçirməli oldunuz. Yəqin ki, ən çətin görüşünüz yarımfinalda oldu. Bu həm də lisenziya üçün qarşılaşma idi. 4-cü raundda isveçli rəqibinizi noqdauna salsanız da, sonda cəmi 1 xalla qalib gələ bildiniz.
- Bütün döyüşlər çətin keçdi. Axi bu sıradan adi yarış yox, dünya çempionatıdır. Həm də olimpiya oyunlarına vəsiqə verən dünya çempionatı. Hər ölkə ən güclü boksçularını bura gətirmişdi. Artıq hər şey geridə qalıb, hesaba baxmaq istəməzdim. Əsas odur ki, məqsədimə nail oldum. Hansı hesabla qalib gəlməyin elə bir fərqi yoxdur. Hakimlər barədə bir söz demək istəmirəm.

- Bu gün əks-hücum taktikası sizdə yaxşı alındı. Məhz bunun hesabına rəqibi qarşılayıb ona dəqiq zərbələr vura bildiniz...
- Məşqçilərlə isveçli rəqibin döyüşlərinə baxmışdıq. Onun hansı stilə üstünlük verdiyini bilirdik. O, irəli atılmağı xoşlayan, daim hücum etməyi sevən boksçudur. Ona görə də onu qarşılamağı lazım bildik. Döyüş göstərdi ki, biz yanılmamışıq. Bəlkə də İsveç boksçusu məndən belə taktika gözləmirdi. 4-cü raundda əks zərbə ilə onu noqdauna da sala bildim.

- Olimpiya oyunlarında əsas rəqiblərin kimlər olacaq?
- Olimpiya oyunları tamamilə fərqli yarışdır. Orada zəif rəqib olmur. Planetin ən güclüləri bu yarışa vəsiqə qazanırlar. İndidən bu haqda dəqiq nəsə deyə bilmərəm. Bəzən elə gözlənilməz rəqiblərdən ciddi müqavimət görürsən ki. Azərbaycanı Londonda layiqincə təmsil etməyə çalışacam. Axı, bu, həm də tarixi yarışdır. Qadın boksu ilk dəfə olimpiya oyunlarının proqramına daxil eilib. Mən də bu tarixi hadisənin qəhrəmanlarından birinə çevrilmək üçün əlimdən gələni edəcəyəm.

- Lisenziyanı özünüzə təmin etmisiniz. Amma hələ qarşıda final görüşü var.
- Əlbəttə, mən bunu unutmuram. Finala kimi irəliləyib, həlledici görüşdə uduzmaq istəməzdim. Azərbaycana qadın boksunda ilk dünya çempionluğunu bəxş etmək arzusunayam. Qızıl medal uğruna rəqibim İngiltərə idmançısı olacaq. O, bu gün Rusiya milli komandasının lierlərindən olan Nadejda Torlopovanı məğlub etdi. Amma qızıl medal qazanmaq üçün istənilən rəqibi keçməlisən. Odur ki, diqqətimizi finala yönəltməliyik.


Xəbər 1839 dəfə oxundu.