Azərbaycanın aparıcı şirkətləri Bakı-2020-yə dəstək olublar
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Hava Yolları (AzAL) və ölkənin ən böyük mobil operatoru Azercell şirkətinin rəhbərləri Bakı-2020 layihəsini dəstəklədiklərini elan etdilər.

“Dövlət Neft Şirkəti ölkəmizin enerji resurslarından əldə olunan gəlirlərin xalqımızın rifahı və dövlətimizin inkişafına yönələn hökumət strategiyasını həyata keçirən aparıcı qüvvədir. Azərbaycan hökuməti ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaq üçün bir çox işlər görür. Bakımızın 2020-ci il olimpiya oyunlarına namizədliyi isə bizə bu inkişaf prosesini sürətləndirmək, Azərbaycanı dünyanın idman və turizm mərkəzlərindən birinə çevirmək, ölkəmizdə sağlam həyat tərzini inkişaf etdirmək üçün gözəl imkan yaradır” – ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev bildirib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti Cahangir Əsgərov AzAL-ın Bakı-2020 layihəsinə dəstəyini belə şərh etmişdir: “Dövlətimizin strateji hava nəqliyyatı şirkəti olan AzAL Azərbaycanın turizm imkanlarının təbliğinə böyük önəm verir. 2011-ci ildə Azərbaycana səfər edən turistlərin sayı 2 milyonu keçərək rekord göstəriciyə çatmışdır. Şərqlə Qərb arasında yerləşən Bakı qədim mədəniyyət və tarixlə yanaşı, eyni zamanda müasir inkişafı özündə əks etdirir. Nadir özünəməxsusluğu ilə Bakı dünyanın ən cazibədar paytaxtları sırasındadır. Bakının 2020-ci il olimpiya oyunlarına iddiasına AzAL şirkəti dəstək olmağa hazırdır. Ümid edirik ki, Bakı dünyanın ən möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək və paytaxtımız dünyanın ən iri turizm və idman bölgələrindən birinə çevriləcək”.

Azercell MMC-nin Prezidenti Əli Ağan da Bakının 2020-ci il olimpiya oyunlarına iddiasını dəstəklədiyini qeyd etmişdir: “İnformasiya və Kommunikasiya Texnologiyaları Azərbaycan iqtisadiyyatının neft sənayesindən sonra ən sürətlə inkişaf edən ikinci sektorudur. Hazırda ölkə ərazisinin 80%-i mobil rabitə xidmətləri ilə əhatə olunub. Azərbaycan əhalisi isə yeni texnologiyalara böyük həvəs göstərir. Azərbaycanlılar savadlılıq səviyyəsinə görə dünyada aparacı mövqel tuturlar. Ölkədə idmana böyük maraq var. Ümid edirik ki, Bakı-2020 layihəsi uğurlu olacaq və paytaxtımız regionda ilk olimpiya oyunlarına ev sahibliyi edəcək. Azercell şirkəti isə ölkənin ən iri mobil operatoru olmaqla Bakının olimpiya iddiasını dəstəkləməyə həmişə hazırdır”.

Bakı-2020-nin Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva Azərbaycanın nüfuzlu şirkətlərinin dəstəklədiklərindən çox məmnun olduğunu bildirdi: “Bir neçə ay öncə keçirilən sorğunun nəticələri Azərbaycan əhalisinin 95%-nin Bakı-2020 layihəsini dəstəklədiyini nümayiş etdirdi. Bu yaxınlarda isə paytaxt və bölgələrimizdən Bakı-2020-yə dəstək üçün 500 000 imza toplandı. Bakı-2020 həmçinin Azərbaycan hökuməti və siyasi partiyaları tərəfindən tam dəstəklənir. İndi isə bizim olimpiya arzularımızı ölkənin ən iri şirkətləri də dəstəklədiklərini bildirdilər. Biz buna çox sevinirik və 2020-ci il olimpiya oyunlarına ev sahibliyi Bakıya qismət olacağına ümid edirik.”

Xəbər 1167 dəfə oxundu.