UNICEF və Xüsusi Olimpiya Komitəsi Anlaşma Memorandumu imzalayıblar

UNICEF və Xüsusi Olimpiya Komitəsi Azərbaycanda əlilliyi olan uşaqların dəstəklənməsi üçün bərabər imkanları təşviq etmək və idman vasitəsilə onların tam potensiallarına nail olmaqlarına yardım etmək üçün bu gün birgə Anlaşma Memorandumu imzalayıblar.
Tərəfdaşlıq əqli əlilliyi olan uşaq və gənclərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlərin təşviq edilməsi üçün birgə təşviqat kampaniyasının aparılmasını nəzərdə tutur.
«Trend» İnformasiya Agentliyində keçirilən mətbuat konfransında UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib: «Biz idmanın gücünə inanırıq. Bu yeni tərəfdaşlığın əlilliyi olan uşaqların digər uşaqlar ilə bərabər hüquqa malik olmasını bir daha vurğulamağa yardım edəcək. Adekvat səhiyyə xidmətləri və keyfiyyətli təhsildən bəhrələnmək, istismar və xəstəliklərdən qoruyacaq mühitdə yaşamıq onların haqqıdır».
Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev dünyada və Azərbaycanda xüsusi olimpiya hərəkatının tarixi barədə geniş məlumat verib.
Qeyd edək ki, 2010-cu ildən etibarən Azərbaycan Xüsusi Olimpiya Komitəsinin UNİCEF-lə ilkin əməkdaşlığı başlayıb. Əməkdaşlıq çərçivəsində 2011-ci ildə Gəncə və Göyçay şəhərlərində Xüsusi Olimpiya Regional filialları yaradılıb, o cümlədən əqli imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan xüsusi məktəb, internat uşaqlarının sağlam məktəbyaşlı uşaqlarla birgə voleybol və futbol bölmələrinə cəlb oluması, onların il boyu təlim-məşq prosesinin təşkili və idman yarışlarında iştirakını təmin etmək üçün layihə həyata kecirilib. Salyan, Quba, İsmayıllı, Zaqatala, Tovuz və Naxçıvanda da bu istiqamətdə işlərin görülmüsi planlaşdırılıb.

Xəbər 1379 dəfə oxundu.