Anna Başta “Satellite” turnirində gümüş medal qazanıb
Bolqarıstanın Plovdiv şəhərində keçirilən sablya üzrə “Satellite” turnirinə yekun vurulub.

Qadın sablyaçıların şəxsi yarışında Anna Başta gümüş medal qazanıb. Qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran təmsilçimiz, uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirib. Sablyaçımız onaltıdabir finalda Bolqarıstan idmançısı Kalina Atanasovanı 15:8 hesabı ilə məğlub edib. A.Başta səkkizdəbir finalda türkiyəli rəqibi Nisanur Erbil üzərində 15:6 hesablı qələbə qazanıb. İdmançımız dörddəbir finalda rəqibi Hindistan təmsilçisi Çadalavada Anandha olub. Gərgin keçən qarşılaşma qılıncoynadanımızın 15:13 hesablı qələbəsi ilə başa çatıb. A.Başta yarımfinalda bolqarıstanlı idmançı Yoana İliyevadan üstün olub (15:12). Həlledici final görüşündə Gürcüstan sablyaçısı Lika Jijieşviliyə 12:15 hesabla uduzan Anna Başta turniri ikinci sırada başa vurub.

Qrup mərhələsində 6 qələbə qazanan Valeriya Bolşakova isə turnirin dörddəbir final mərhələsinə kimi irəliləməyi bacarıb. İdmançımız ən güclü səkkizliyə yüksəlmək üçün türkiyəli rəqibləri Yasəmin Yeltekin (15:6) və Aylin Cakıra (15:4) qalib gəlib. V.Bolşakova dörddəbir finalda yarımfinalda Anna Baştanın üstələdiyi bolqarıstanlı Yoana İliyevaya 6:15 hesabı ilə məğlub olub. Digər qadın sablyaçılarımızdan Sevil Bünyatova və Səbinə Kərimova mübarizəni səkkizdəbir finalda dayandırıb. Qrup mərhələsini 4 qalibiyyətlə başa vuran Sevil Bünyatova onaltıdabir finalda sinqapurlu Cessika Şu Huiyə (15:7) qalib gəlsə də, növbəti görüşündə argentinalı Maurise Perezə uduzub (10:15). Qrupu 5 qələbə ilə başa vuran Səbinə Kərimova isə onaltıdabir finalda Belaslava İvanovaya (Bolqarıstan) 15:10 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə türkiyəli Selin Deniz Unludağa məğlub olub (10:15). Qadın sablyaçılarımızdan Aysel Əhədova da qrup səddini adlamağı bacarsa da, onaltıdabir finalda turnirin qalibi Lika Jijieşviliyə (Gürcüstan) 9:15 hesabı ilə uduzub.

Kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrupda 4 qələbə qazanmaqla pley-offa yüksəlib. Onaltıdabir finalda küveytli Bandar Alşamlanı 15:14 hesabı ilə məğlub edən Cavanşir, səkkizdəbir finalda bolqarıstanlı İvan Mandova uduzub (10:15).

Xəbər 1331 dəfə oxundu.