Güləşçilərimiz Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi olub
Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən güləş üzrə dünya çempionatı sona çatıb.

Səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kiloqramda mübarizəyə start verilib.

Mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan Əhmədnəbi Qvarzatilov (61 kq) sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və dörddəbir finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub.

Cəbrayıl Həsənov (79 kq) da mundiala səkkizdəbir finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək dörddəbir finala adlayıb. Bu mərhələdə yerli idmançını da devirən güləşçimiz yarımfinala vəsiqə qazanıb. Təcrübəli güləşçimiz slovakiyalı rəqibin də öhdəsindən gələrək ardıcıl ikinci dəfə dünya çempionatının finalında iştirak hüququ qazanıb. Sentyabrın 22-də ötən il finalda qarşılaşdığı Kayl Daykla üz-üzə gələn C.Həsənov amerikalı rəqibinə məğlub olaraq növbəti dəfə gümüş medal qazanıb.

Aleksandr Qostiyev (86 kq) ilk görüşdə Özbəkistan idmançısına məğlub olub.

Şərif Şərifov (97 kq) təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını dörddəbir finala yazdırıb. Titullu pəhləvanımız ötən il dünya çempionatının dörddəbir finalında Aslanbek Alborova qalib gəlmiş Elizbar Odikadzeni üstələyərək yarımfinala yüksəlib və bununla da olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub. Yarımfinalda olimpiya və iki qat dünya çempionu Kayl Snayderdən güclü olan Ş.Şərifov sentyabrın 22-də olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu olmuş Abdulrəşid Sadullayevlə qarşılaşıb və həlledici görüşdə uduzaraq gümüş medalı boynundan asıb.

Qeyd edək ki, 97 kq-da mükafatlandırma mərasimində Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev də iştirak edib. O, beşinci dəfə dünya çempionu olan Abdulrəşid Sadullayevə qızıl medalı və kəməri təqdim edib.

Xəbər 754 dəfə oxundu.