Pizarro: «Verder»i tərk etmək asan qərar olmadı
Klaudio Pizarro Bremen «Verder»ini tərk edir. İdman.com.az saytının məlumatına görə, perulu futbolçu bu barədə iki gün öncə klub rəhbərliyi ilə nahardan sonra danışıb. Görüşdən sonra komandanın idman direktoru Klaus Allofs deyib: «Biz üç dəfə onu «Verder»də saxlamağa cəhd etdik. Ona klubda keçirdiyi əla zamana görə təşəkkür edirik».

Komananın Pizarrosuz gələcəyinin necə qurulacağı barədə Allofs deyib: «Hələ hər şey aydın deyil. Klaudio Pizarro kimi dünya səviyyəli hücumçunu əvəz edə bilməyəcəyik. Lakin onun gedişindən sonra da irəli nikbinliklə baxırıq. Onun gedişindən sonra bizdə yeni perspektivlər açılacaq».
«Verder»in baş məşqçisi Tomas Şaaf da nikbin əhvaldadır: «Biz bu qərarı da qəbul etməli idik. Onunla yenə də işləməyə şad olardım. Ancaq Klaudionun hər şeyi aydınlaşdırmağı vacib idi. İndi biz gələn mövsümə planlarımızı qura bilərik. Münasib variantları axtaracağıq».

Futbolçu özü gedişi barədə belə açıqlama verib: «Mənim üçün «Verder»i tərk etmək asan qərar olmayıb. Çünki mən komandanı çox sevirəm. Lakin karyeramın sonunadək başqa nəsə də etmək istəyirəm. Bunun nə olacağını hələlik deyə bilmərəm. Mənə bir sıra təkliflər var ki, indi onları nəzərdən keçirirəm».

Ümumilikdə, Pizarro «Verder»də iki mərhələdə 6 mövsüm keçirib. 1999-2001-ci illərdəki çıxışından sonra bir müddət «Bavariya» və «Çelsi»də oynayıb və 2008-ci ildə yenidən Bremenə qayıdıb. Bundeslinada 333 oyunundan 159-nu «Verder»in formasında keçirib. 160 qol vurub və Bundesliqada ən yaxşı legioner olub. Bremenlilərlə Pizarro Almaniya Kubokunun (2009 və 2010) və UEFA Kubokunun (2009) finalına çıxıb, 2009-cu ildəki ölkə kubokunun qalibi olub.

Xəbər 1097 dəfə oxundu.