Voleybol məşqçiləri üçün texniki təlim kursuna yekun vurulub
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Bakıda voleybol məşqçiləri üçün təşkil olunan təlim kursuna sentyabrın 20-də yekun vurulub.

Kursun bağlanış mərasimində Azərbaycan Voleybol Federasiyası prezidentinin müşaviri Əbülfəz Hüseynov, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, “AzərReyl” voleybol klubunun prezidenti Fərid Xəlilov, Azərbaycanda yerləşən Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova və təlimin beynəlxalq dərəcəli mühazirəçisi Dan İlye Girleanu iştirak ediblər.

Nəzəri və praktiki hissələrdən ibarət “Level 2” təlim kursunu uğurla başa vurmuş voleybol məşqçiləri təltif olunublar.
Layihənin məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Beşgünlük təlimdə Türkiyə, İran, Qazaxıstan, Kipr və Azərbaycandan 30 məşqçi iştirak edib.

Xatırladaq ki, MOK məşqçilərin bilik və bacarıqlarını artırmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq İdman federasiyalarının dəstəyi ilə voleybol, velosiped, atletika, badminton və digər idman növləri üzrə kurslar həyata keçirib.


Xəbər 768 dəfə oxundu.