İki güləşçimiz dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Yeddinci yarış günündə - sentyabrın 20-də sərbəst güləş üzrə 70, 74, 92 və 125 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.

Güləşçimiz Ağahüseyn Mustafayev (70 kq) ilk görüşündə türkiyəli Heydər Yavuza qalib gələrək səkkizdəbir finala yüksəlib. İdmançımız növbəti görüşündə Bəhreyn təmsilçisi Adam Batırova məğlub olub.

Çempionatda 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev Hindistan təmsilçisi Kumar Suşil, türkiyəli Söner Demirtaş və Özbəkistan idmançısı Bekzod Abduraxmanova qalib gələrək dörddəbir finala adlayıb. Güləşçimizin növbəti rəqibi ABŞ təmsilçisi Cordan Barrouz olacaq.

Millimizin üzvü Şamil Zubairov (92 kq) ilk görüşdə Türkiyə idmançısı Süleyman Qaradənizə uduzub.

Digər güləşçimiz Cəmaləddin Məhəmmədov (125 kq) belaruslu Vitali Piaşniak və Almaniya təmsilçisi Nika Matuxinanı məğlub edərək dördəbir finala vəsiqə qazanıb. Yarımfinala gedən yolda güləşçimiz çinli Jivey Denq ilə qarşılaşacaq.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Elis Manolova (65 kq) isə dünya çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Xəbər 923 dəfə oxundu.