FHN-in İdman-Sağlamlıq Mərkəzinin üzvləri birinci “Zirvə Kuboku” yarışlarında uğurla çıxış ediblər
Xırdalanda yeniyetmələr arasında güləş üzrə birinci “Zirvə Kuboku” yarışları keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzindən (FHN İSM) azsport.az saytına bildiriblər ki, yarışlarda 20 komandanın heyətində 370-ə yaxın idmançı mübarizə aparıb.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda İSM-in komandası da iştirak edib. İdmançılar yarışa mərkəzin baş zabiti Namiq Sovdumzadənin rəhbərliyi ilə qatılıblar.

Sərbəst güləş yarışlarında İSM-in üzvlərindən Kənan Bünyadov yeniyetmələrin mübarizəsində 32 kiloqram çəki dərəcəsində birinci, Rəvan Cahangirli (35 kq) isə ikinci yerdə qərarlaşıblar.
Mərkəzin rəisi, polkovnik Füzuli Musayev idmançılar və məşqçi ilə görüşərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.

Xəbər 765 dəfə oxundu.