Güləşçimiz Elis Manolova dünya çempionatında bürünc medal uğrunda görüşdə bolqarıstanlı Yuliana Yaneva ilə qarşılaşacaq
Azərbaycanın qadın güləşçisi Elis Manolova Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

Təmsilçimiz üçüncü yer uğrunda görüşdə Bolqarıstan idmançısı Yuliana Yaneva ilə qarşılaşacaq.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan E.Manolova (65 kq) hindistanlı rəqibi Kaur Navyotı "tuşe" ilə məğlub edib. Avropa çempionu dörddəbir finalda Türkiyə güləşçisi Kadriye Aksoya da qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya idmançısı İnna Trajukova ilə görüşdən məğlub ayrılan E.Manolova bu gün bürünc medal üçün güləşəcək.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Xəbər 748 dəfə oxundu.