Mahir Əmiraslanov dünya çempionatına qələbə ilə başlayıb
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Çempionatın altıncı yarış günündə - sentyabrın 19-da qadın güləşində 62, 68, sərbəst güləşdə isə 57 və 65 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.

Güləşçimiz Mahir Əmiraslanov (57 kq) dünya çempionatına qələbə ilə başlayıb. Qırğızıstan təmsilçisi Ulukbek Joldoşbekovu məğlub edən təmsilçimiz onaltıdabir final mərhələsinə yüksəlib. Onun növbəti rəqibi rusiyalı Zaur Uquev olacaq.

Üçqat dünya çempionumuz Hacı Əliyev (65 kq) isə ilk görüşündə Rusiya güləşçisi Hacımurad Rəşidova məğlub olub.

Qadın güləşçimiz İrina Netreba ilk görüşündə Burkina-Faso təmsilçisi İvett Zidən üstün olub.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Xəbər 1038 dəfə oxundu.