Mariya Stadnik: Medal kolleksiyamda təkcə Olimpiya qızılı çatmır
Hamıya ikinci dünya çempionluğum adi görünə bilər. Ancaq bu medalı qazanana qədər böyük yol qət etmişəm. Medalı şəxsi məşqçim Andrey Stadnikə həsr edirəm. Bu medal onun xidmətinin nəticəsidir.

Bu sözləri Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında sentyabrın 18-də qızıl medal qazanmaqla ikiqat dünya çempionu olan Azərbaycan güləşçisi Mariya Stadnik deyib.

İkiqat dünya çempionu bildirib: “Mənim üçün rəqibin fərqi yoxdur. Qazaxıstana qızıl medal üçün gəlmişdim. Hansısa rəqibin iştirak etməməsi anlayışı yoxdur. Güclü olmaq istəyirsənsə, ən güclüləri məğlub etməlisən. Çünki yalnız bu halda güclülərin güclüsü olursan. Hazırda medal kolleksiyamda əsas medal – Olimpiya qızılı çatmır. Qarşımdakı əsas hədəf Olimpiya Oyunlarının qızıl medalını qazanmaqdır. Olimpiadaya hələ bir il var. Bu müddət ərzində əzmlə çalışıb istəyimə nail olmağa çalışacağam”.

M.Stadnik dünya çempionatında ilk qızıl medalını 2009-cu ildə Danimarkanın Herninq şəhərində keçirilən mundialda qazanıb. İdmançımız Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı olmaqla yanaşı, 2011-ci ildə Beynəlxalq Güləş Federasiyasının versiyasına görə planetin ən yaxşı qadın güləşçisi seçilib. Dəfələrlə Avropa çempionu olan M.Stadnik Avropa Oyunlarının ikiqat qalibi və Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının çempionudur.

AZƏRTAC

Xəbər 928 dəfə oxundu.