Dünya çempionatının fərdi proqramında halqa ilə final yarışlarında iştirak edəcək gimnastlar müəyyənləşib
Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında halqa ilə final yarışlarında iştirak edəcək idmançılar müəyyənləşib.

Dünya çempionatının medalları uğrunda Diana Averina (Rusiya), israilli Linoy Aşram, Rusiya təmsilçisi Yekaterina Seleznyova, Anastasiya Salos, Katerina Halkina (hər ikisi Belarus), İtaliya gimnastı Aleksandra Aqiurqiukulese, israilli Nikol Zelikman və Boriana Kaleyn (Bolqarıstan) mübarizə aparacaqlar.

Final yarışlarına bu gün saat 19:30-da start veriləcək.
Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Xəbər 724 dəfə oxundu.