Mariya Stadnik “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya qazanıb
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında sentyabrın 17-də qadın güləşçilərin yarışlarına start verilib.

Çempionatın dördüncü günündə 50, 53, 55 və 72 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırlar.

Çempionata onaltıdabir finaldan başlayan Mariya Stadnik (50 kq) Nigeriya təmsilçisi Miessiney Mersi Genesisi, səkkizdəbir finalda hindistanlı Seemu Seemunu məğlub edib. Dörddəbir finalda Rusiya idmançısı Yekaterina Poleşuka qalib gələn idmançımız yarımfinala yüksəlməklə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Güləşçimizin növbəti rəqibi çinli Yanan Sun olacaq.

Digər güləşçimiz Türkan Nəsirova (53 kq) ilk görüşündə almaniyalı Nina Hemmerə məğlub olub.

Çempionatın ikinci günündə yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Xəbər 757 dəfə oxundu.