Bu gün paytaxtımız 14 ildən sonra bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
Bakı 14 ildən sonra yenidən ən önəmli yarışlardan birinə - bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək. Sentyabrın 16-22-də keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda, 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə də əlamətdar olacaq.

61 ölkənin qatılacağı çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları yeddi gün ərzində ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında mübarizə aparacaqlar. Eyni zamanda, komanda hesabında ən güclülər müəyyənləşəcək.

Çempionatın qeydiyyat siyahısına əsasən, yarışa qatılacaq 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini sərf edəcəklər. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) lisenziya əldə edə biləcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Builki çempionatda çoxnövçülük xalları üzrə daha beş ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil edilən çempionatın ən yadda qalan hissələrindən biri isə möhtəşəm açılış mərasimi olacaq. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə “səyahətə aparacaq” şou vəd edirlər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiqlənib.

Çempionatın birinci günündə – açılış mərasimində məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən nəğmələri ilə izləyənlərin qəlbini fəth edəcək. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini akapella üslubunda səsləndirəcək.

Açılış mərasiminin maraqlı məqamları bununla məhdudlaşmır. Mərasimdə dünya çempionatının ulduz səfiri Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.

Dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina da yarışları tamaşaçılarla birlikdə izləyəcək.

Çempionat zamanı Azərbaycan Gimnastika Federasiyasının rəsmi talismanı “Qur-Qur” da tamaşaçılarla olacaq. Dünya səyahətindən Bakıya yenicə qayıtmış “Qur-Qur” təəssüratlarını azarkeşlərlə bölüşəcək. Bundan başqa, yarış boyunca tamaşaçıları maraqlı müsabiqələr və əyləncəli anlar da gözləyir.

Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Yarışın birinci günündə gimnastlar fərdi proqramda halqa və topla təsnifat mərhələsində güclərini sınayacaqlar. Ertəsi gün halqa və topla təsnifat, həmçinin final yarışları keçiriləcək. Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. Gimnastlar ümumilikdə doqquz dəst medal uğrunda mübarizə aparacaqlar.

Xəbər 760 dəfə oxundu.