Poloçularımız növbəti dəfə böyük hesablı qələbə qazanıblar
Sentyabrın 14-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda keçirilən 7-ci arena polo üzrə dünya kubokunun ikinci gününün sonuncu qarşılaşmasında “Elite Horse & Polo Club Baku” və Rusiyanın “Planernaya Polo Club Moscow” komandaları ilə üz-üzə gəliblər.

Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alan poloçularımız ikinci görüşdə də böyük hesablı qələbə qazanıblar - 12:1. Komandamızın heyətində Elçin Camallı (8) və Tərlan Qurbanəliyev (4) fərqləniblər. Bu qələbə sayəsində komandamız 7-ci arena polo üzrə dünya kubokunun finalına vəsiqə qazanıb.

Günün ilk qarşılaşması “Evviva Polo Club St. Moritz” (İsveçrə) və “Los Nocheros Polo Club Münster” (Almaniya) komandaları arasında oynanılıb. Görüş Almaniya poloçularının 9:8 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, turnirin birinci günündə “Elite Horse & Polo Club Baku” komandası “Evviva Polo Club St. Moritz”ə 11:3 hesabı ilə qalib gəlib. “Planernaya Polo Club Moscow” komandası isə “Los Nocheros Polo Club Münster”i məğlub edib - 9:7.

Beləliklə, sentyabrın 15-də üçüncü və dördüncü yer uğrunda qarşılaşmada “Planernaya Polo Club Moscow” və “Evviva Polo Club St. Moritz” klubları üz-üzə gələcəklər. Finalda isə “Elite Horse & Polo Club Baku” komandası “Los Nocheros Polo Club Münster” ilə qarşılaşacaqlar.

Xəbər 1043 dəfə oxundu.