“Sumqayıt” klubu heyətinə iki futbolçu cəlb edib
2019-2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətinə iki futbolçu cəlb edib.

Son mövsümü müvafiq olaraq “BATE Borisov” və “Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular – Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla ikiillik müqavilə imzalanıb. C.Xocaniyazov “Sumqayıt” klubunda “5”, Rəhim isə “90” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Sankt-Peterburq “Zenit”inin yetirməsi olan C.Xocaniyazov 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici heyətlərində çıxış edib (10 oyun). Sonuncu klubu “BATE Borisov” (2 oyun) olan Cəmaləddin Rusiyanın “Ural” (1 oyun), “Baltika” (2 oyun), “Soçi” (8 oyun), “Amkar Perm” (1 oyun) və Danimarkanın “AGF Aarhus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.

Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində “Solyaris Moskva” (16 oyun) və “Torpedo Moskva”nın (71 oyun, 23 qol) uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.

Xəbər 729 dəfə oxundu.