Azərbaycan nümayəndə heyəti Ədalətli Oyunlar Hərəkatının yubiley mərasimində iştirak edəcək
Sentyabrın 11-dən 14-dək Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq və Avropa Ədalətli Oyunlar Hərəkatlarının birgə konqresi, Baş Assambleyası və mükafatlandırma mərasimi keçiriləcək.

Azərbaycan Ədalətli Oyunlar Komissiyasından (AzƏOK) azsport.az saytına bildiriblər ki, “İdmanda etik dəyərlərin təbliği - Avropa Ədalətli Oyunlar Hərəkatının 25 illiyi” mövzusunda keçiriləcək tədbirdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) prezidenti Kristian Hinterberqer, quruma üzv ölkələrin nümayəndələri, eləcə də 2018-ci ilin yekununa əsasən müəyyən olunmuş ədalətli oyun mükafatlarının qalibləri iştirak edəcəklər. Tədbir çərçivəsində Avropa Ədalətli Oyunlar Hərəkatının 25 illik yubileyi də qeyd olunacaq.

Mərasimdə Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov və AzƏOK-un üzvü, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev təmsil edəcəklər.

BƏOK ədalətli oyunlar hərəkatını bütün dünyada təbliğ etməklə yanaşı, 1963-cü ildən indiyədək Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir. Bu mükafatlar 4 nominasiya üzrə (“Pyer-de-Kuberten”, “Jak Roqq”, “Con Barotra” və “Villi Daum”) tanınmış idmançılara, idman xadimlərinə, rəsmilərə, KİV nümayəndələrinə və bu sahədə fərqlənən şəxslərə verilir.

Ötən ilin yekunlarına əsasən təşkilata qeyd olunan nominasiyalar üzrə 40-dan çox namizədlik təqdim edilib. Bu il martın 15-16-da BƏOK-un Budapeştdə keçirilən iclasında İcraiyyə Komitəsi üzvlərinin qərarına əsasən AzƏOK tərəfindən namizədliyi irəli sürülən Gənclər və İdman naziri Azad Rəhimova “Con Borota” mükafatının verilməsi qərara alınıb. Mükafat sentyabrın 12-də Budapeştdə keçiriləcək mərasimdə Azad Rəhimova təqdim olunacaq.

Tədbirin proqramına əsasən sentyabrın 11-də AƏOH-un iclası, sentyabrın 12-də konqres, AƏOH-un 25 illik yubiley mərasimi, mükafatlarma mərasimi, sentyabrın 13-də Assambleya və BƏOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək. Assambleya çərçivəsində iştirakçı ölkə nümayəndələri arasında interaktiv seminar təşkil ediləcək, ədalətli oyunlar hərəkatının müxtəlif askpektlərdən təbliğ və inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılacaq. Konqres və Assambleya iştirakçıları tədbir zamanı Budapeştdə keçiriləcək Ümumdünya Şəhər Oyunlarını da izləcəklər.


Xəbər 734 dəfə oxundu.