Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov növbəti mərhələyə vəsiqə qazanıblar
Sentyabrın 11-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kubokunun 1/64 final mərhələsinin cavab partiyaları keçirilib.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov madaqaskarlı Antenaina Rakotomaharoya ikinci oyunda da qalib gələrək otuzikidəbir finala yüksəlib. Farer Adaları təmsilçisi Helgi Ziska ilə heç-heçə edən Teymur Rəcəbov birinci oyunda qalib gəldiyi üçün növbəti mərhələyə vəsiqə qazanıb. Eltac Səfərli ABŞ şahmatçısı Samuel Şankland, Nicat Abasov isə Polşa təmsilçisi Perun Kasper ilə cavab qarşılaşmalarında da heç-heçə etdiklərindən qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq. Arkadi Naydiç isə hər iki görüşdə almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

Xəbər 697 dəfə oxundu.