Qızmar Tokio yayına təşkilatçılar nə vəd edirlər?
Artıq xeyli vaxtdır 2020-ci ilin olimpya və paralimpiya Oyunlarının keçiriləcəyi müddətdə (24 iyul-9 avqust 2020-ci il) Yaponiyada və xüsusən paytaxt Tokioda qızmar hava şəraitinin adi norma həddindən də yuxarı olacağı barədə ehtimallar barədə danışılır.

Hər halda 34-35 dərəcə həmin vaxt üçün norma həddinə yaxın hesab edilir və hətta 40 dərəcəyə qədər yüksəlir. Bu yay günlərinin rekord göstəricisi 41 dərəcə olub. Temperaturla yanaşı, rütubətin yüksək həddi vəziyyəti daha da mürəkkəbləşdirir.

İyulun 26-dan avqustun 5-dək "Enoşima"da keçirilən yelkənli qayıqlarda dünya çempionatı dövründə 1800 insan məhz hava şəraitinin təsiri ilə xəstəxanaya yerləşdirilib. Ümumən, məlumata əsasən, qızmar yay günləri Yaponiyada 11 nəfərin ölümünə və 5 mindən artıq insanın xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Hətta "euronews"un avqustun 6-da dərc etdiyi məlumata görə, iyul ayında 57 nəfər qızmar istidən dünyasını dəyişib ("insidethegames" də bu məlumatı 50 nəfərə yaxın yazaraq qeyd edir). Təbii ki, belə iqlimə öyrəncəli olmayan turistlər daha çox əziyyət çəkirlər. Olimpiada dövründə isə 11 mindən artıq idmançıya, bir o qədər də rəsmi heyətə, komandaların digər üzvlərinə, xüsusən təkcə yarış meydanlarında olmayacaq, daha çox gündüz saatlarında bu məkandan digərinə yol alacaq turistlərə, eləcə də jurnalistlərə və rəsmilərə hava şəraiti təsirini göstərəcək.
Yarışlara gəlincə, ən çox marafonçuların mübarizəsi ilə bağlı müzakirələr aparılır. Rio Oyunlarında yürüş səhər saatlarında başlamışdı. Tarixdə belə nümunələr az olmayıb. Yaponlar isə marafonçuların 5:30-da start xəttinə çıxmasını planlaşdırıblar. Mütəxəssislər həmin vaxtı orqanizm üçün ən təhlükəli vaxt hesab edirlər. Çünki orqanizm hələ tam oyanmır, səhər uyğunlaşması üçün təmrinlər lazım olur, bir sözlə, orqanizm ən mürəkkəb həddində olur. 5:30-da başlayan yarış üçün hazırlıq isə lap gecə saatlarından başlanmalıdır.

Bu kimi çətinlikləri istisna etməklə, təşkilatçılar qalan növlər və proqramlar üçün nələrsə düşünməyə cəhd göstərirlər. Texnoloji inkişafın, xüsusən səmərələşdirici təkliflərə həmişə geniş meydan açılan Yaponiyada maraqlı yeniliklər barədə məlumatlar yayılır.

Çimərlik voleybolu meydançalarının üzəri xüsusi örtüklə bağlanıb. Bunu test yarışları zamanı sınaqdan çıxarıblar. Həmçinin yarışın keçiriləcyi məkanın ətrafında xüsusi nəmişlik püskürdən maşınlar müəyyən edilmiş qrafik üzrə hərəkət edib. Tamaşaçılara sərin su və buz paylanılıb.

Olimpiada dövründə yarış meydanlarında havanın hərarətini qismən aşağı salan cihazlardan da istifadə olunacağı bildirilir. Həmçinin qapalı məkanlarda da ehtiyat tədbirlər görüləcək. Yarış məkanları yaxınlığında güclü ventilyatorların quraşdırılması nəzərdə tutulub. Açıq arenalarda da havalandırma qurğularından istifadə olunması planlaşdırılır.

Maraqlıdır ki, əsas "nou-hau"lardan biri asfalt örtüyü ilə bağlı olacaq. Xüsusi örtük infraqırmızı şüaları udmaqla asfaltın hərarətini 8 dərəcəyə qədər aşağı salacaq. Marafonun keçiriləcəyi 100 km-ə yaxın ərazidə bu yenilik mütləq qaydada tətbiq ediləcək.

Tibbi personal xüsusi qayda ilə təmin ediləcək. Hər 10 min nəfərə 2 həkim və 4 tibb bacısından ibarət tibbi kabinetlər ayrılacaq.

Ümumən, 1964-cü ildə olduğu kimi, Oyunların oktyabra keçirilməsi də müzakirə olunurdu. Lakin həmin Oyunların iştirakçılarından bəziləri elə o vaxt da hava hərarətinin və rütubətin idmançılar üçün əlverişli olmadığını deyiblər.

Son 10 ilin statistik göstəricilərinə əsasən, yay fəslində Yaponiyada orta temperatur 32 dərəcə müəyyən olunub. Bu səbəbdən Oyunları nəzərə alaraq, gələn il saatların Yay vaxtına keçirilməsi də təklif olunub. Qeyd edək ki, Yaponiya yay və qış vaxtlarını qəbul etməyən dünya ölkələrindəndir.

Ümumiyyətlə, iqlim şəraitini və təbii xüsusiyyətləri nəzərə alaraq, ölkələrin müəyyən etdikləri planların bir qismi barədə məlumatlar yayılır. Qonşu Rusiyada olimpiyaçıların məhz Tokio iqlim rejimi şəraitində hazırlaşdırılması ilə bağlı xüsusi planların olduğu bildirilir. Yeri gəlmişkən, artıq bu ölkənin idmançılarının öz dövlət bayrağı altında və öz komandası ilə çıxış edəcəyi məlumdur.

Azərbaycanda ada dövlətdəki iqlim olmasa da, havanın hərarəti ilə bağlı problemlər çox müzakirə obyekti deyil. Lakin olimpiyaçı statusu alan idmançıların xüsusi rejimdə təlim-məşqlər keçməsi əsas şərtlərdən biri ola bilər.

Məlumatları cəmləsək, Yaponiya olimpiadasının gərgin idman mübarizəsi şəraitində keçəcəyi indidən məlumdur. Çünki əksər ölkələrin əsas planlarında məhz iqlim məsələlərinə xüsusi diqqət edilməsi belə düşünməyə əsas verir. Bu səbəbdən artıq planların xronologiyası tərtib olunarkən, əsas prinsip yaponsayağı həyat tərzi olmalıdır.

BATI YAR

Xəbər 1067 dəfə oxundu.